REGİONLAR
Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi qeyd edilib
Cəlilabad, 28 dekabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov cəlilabadlıları qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
Azərbaycanın ən yeni tarixində azərbaycanlıların milli həmrəyliyinə nail olunmasını ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən biri kimi dəyərləndirən N.Zeynalov 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayının milli həmrəyliyimizin nümayişinə çevrildiyini bildirib.
Qeyd olunub ki, Ulu Öndərin azərbaycançılıq ideyalarını inkişaf etdirən Prezident İlham Əliyevin 2006-cı il 8 fevral tarixli Sərəncamı ilə martın 16-da Bakıda Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmləndirilməsinə yeni təkan verib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının qadınlar şurasının sədri Fərqanə Məmmədova və rayon Ağsaqqallar Şurasının sədri Əliheydər Əsədov çıxış edərək, rayon ictimaiyyətini qarşıdan gələn bayramlar münasibətilə təbrik ediblər.
Cəlilabadın incəsənət ustalarının ifa etdikləri oynaq, şən musiqi nömrələri bayram şənliyini daha da rövnəqləndirib.
Şaxta babanın və Qar qızın çıxışları tədbirə xüsusi təravət və şuxluq gətirib.
Tədbir maraqlı bayram konserti ilə davam edib.