REGİONLAR
Cəlilabadda “ToxumArt” əmtəə nişanı altında toxum mağazası açılıb
Bakı, 9 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu daha bir toxum mağazasını fermerlərə təqdim edib. “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mağaza Cəlilabadda açılıb. Açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Toxum Fondunun sədri Emin Əliyev açılış mərasimində bildirib ki, Fond bu ilin noyabr ayından etibarən Respublika Süni Mayalandırma Mərkəzinin istehsal etdiyi yerli və xarici buğa toxumlarının da şəbəkə mağazalarında satış və xidmətini həyata keçirir: “Heyvandarlıqda geniş istifadə edilən süni mayalandırma üsulunun tətbiqi üçün nəzərdə tutulmuş yüksəkkeyfiyyətli ətlik və südlük buğa toxumlarının satışı “ToxumArt” mağazaları vasitəsilə daha əlçatandır. Süni mayalandırma üzrə mütəxəssislər burada toxumlarla yanaşı, süni mayalandırmada istifadə olunan digər zəruri ləvazimatları da əldə edə bilərlər”.
Qeyd edək ki, “dövlət-özəl tərəfdaşlıq” prinsipi əsasında fəaliyyətə əsaslanaraq mağazada toxumçu fermerlərin və Dövlət Toxum Fondunun əməkdaşlıq etdiyi özəl şirkətlərin yetişdirdikləri toxumlar, yerli və xarici aqrotexniki qulluq vasitələri alıcılara təklif olunur.
Bununla yanaşı, mağazada fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istehsal etdiyi tərəvəz toxumları da təqdim ediləcək. Məqsəd ölkə fermerlərini mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksəkkeyfiyyətli və məhsuldar toxumla təmin etməkdir.
Mağazanın üstünlüklərindən biri odur ki, yerləşdiyi məkan kənd təsərrüfatının inkişaf etdiyi cənub regionunun mərkəzindədir. Beləliklə, mağazanın fəaliyyətə başlaması ilə fermerlərin toxum ehtiyacı və satış imkanları birbaşa tənzimlənəcək.