REGİONLAR
Cəlilabadda Vətən müharibəsi şəhidi Mirlətif Ağayevin xatirəsi anılıb
Cəlilabad, 26 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış, tibb xidməti leytenantı, həkim Mirlətif Mirislam oğlu Ağayevin şəhadətindən bir il ötür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə şəhidin ata ocağında-Göytəpə şəhərində anım mərasimi keçirilib. Mərasimdə rayon rəsmiləri, şəhidin doğmaları və sakinlər iştirak ediblər.
Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən cəlilabadlı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.
Qeyd edək ki, Mirlətif Ağayev 20 noyabr 1990-cı il tarixində Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.
Həkim-leytenant Mirlətif Ağayev Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. O, oktyabrın 26-da Qubadlı döyüşləri zamanı şəhid olub. Noyabrın 7-də Cəlilabad rayonunun Ləkin kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid həkim Mirlətif Mirislam oğlu Ağayev Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.