CƏMİYYƏT
Cəlilabadda Vətən müharibəsi şəhidlərini xatirəsi yad edilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən Cəlilabad şəhər sakini Səfərov Marif Mikayıl oğlunun, rayonun Ocaqlı kənd sakini Ağahüseynli Səyyad Əlyar oğlunun, Məmmədrzalı kənd sakini Məmmədov Kənan Tofiq oğlunun və Göytəpə şəhərinin sakini İbadov Vüqar Sadiq oğlunun şəhidlik zirvəsinə ucalmalarının ildönümləri ilə bağlı mərasimlər keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimlərdə iştirak edən Milli Məclisin deputatı Malik Həsənov və digərləri tarix yazan qəhrəmanların valideynlərinə igid, vətənpərvər övladlar yetişdirdiklərinə görə təşəkkürünü bildirib. Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti sayəsində Zəfər tariximiz yazılıb, 30 illik torpaq həsrətinə son qoyulub, məğrur, yenilməz xalq olduğumuz bir daha dünyaya nümayiş etdirilib. Son 18 ildə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, gənclərdə vətənpərvərlik hissinin daha da artması, qələbə əzmi uğurlarımızın zirvəsində dayanan Zəfərimizi şərtləndirib.
Çıxış edənlər bu sevinci xalqımıza yaşadan şəhidlərin ruhu qarşısında baş əyib, qazilərə Allahdan şəfa diləyiblər.
Şəhidlərimizin valideynləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.