REGİONLAR
Cəlilabadda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib
Cəlilabad, 18 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirdə çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Gənclər Birliyinin sədr müavini, rayon gənclər idman idarəsinin rəisi Elçin Hüseynov ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərdiklərinə görə məzunları təbrik edərək təhsildə, şəxsi həyatda və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıblar.
Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, bütün sahələrdə islahatların davam etdirilməsi, ölkə üzrə infrastrukturun yenilənməsi istiqamətində ardıcıl iş aparılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, hər il çoxsaylı təhsil, səhiyyə, istehsal və digər sahələr üzrə yeni obyektlərin tikilməsi və ya yenidən qurulması, qeyri-neft sektorunun inkişafına diqqətin artırılması, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi və digər sahələr barədə qazanılmış uğurlardan danışıblar.
Ağdaş kənd tam orta məktəbinin məzunu Qabil Rufullayev, Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbinin məzunu Vüsalə Adıyeva, Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyin məzunu Kənan Quliyev və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətlərində dövlətə və dövlətçiliyə sədaqətli olacaqlarını diqqətə çatdırıblar.
Görüşün sonunda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara qiymətli hədiyyələr və YAP Cəlilabad rayon təşkilatının fəxri-fərmanları təqdim olunub.