REGİONLAR
Cəlilabadda avtomobilin yük yerindən marixuana tapılıb
Cəlilabad, 21 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda avtomobildə qurudulmuş marixuana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Orxan Verdiyev “Toyota Corolla” markalı avtomobili sürücülük vəsiqəsi olmadığı halda idarə edərkən, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Şübhəli hərəkətlər etdiyi üçün O.Verdiyev tibbi müayinəyə dəvət edilib və onun narkotik tərkibli vasitələrdən istifadə etdikdən sonra avtomobili idarə etdiyi müəyyən olunub.
Rayon Məhkəməsinin qərarı ilə O.Verdiyev 5 gün müddətinə inzibati qaydada həbs edilib. Onun idarə etdiyi “Toyota Corolla” markalı avtomobilə keçirilən baxış zamanı yük yerindən qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Narkotik vasitənin avtomobilin sərnişini, Qaradağ rayonu Sahil qəsəbəsinin sakini Tərlan İmanova məxsus olduğu müəyyən edilib. T.İmanov narkotik vasitənin ona məxsus olduğunu, şəxsi istehlakı üçün saxladığını bildirib.
Faktla bağlı araşdırmalar aparılır.