REGİONLAR
Cəlilabadda çiyələk yığımına başlanılıb FOTO VİDEO
Cəlilabad, 4 may, İ.Adıyev, AZƏRTAC
Mövsümün ilk çiyələk yığımına bir neçə gündür start verilib. Açıq sahələrdə çiyələk kollarının hələ yeni çiçəkləməsinə baxmayaraq, Cəlilabadda bəzi çiyələk təsərrüfatlarında nübar yığıma başlanılıb.
AZƏRTAC xəbər verir ki, havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsir göstərib. Əsasən paytaxt bazarlarında satışa çıxarılan çiyələyin qiyməti fermerləri qane edir.
Elçin Cahangirov gənc fermerlərdən sayılsa da, artıq bu sahə üzrə tam püxtələşib. O bildirib ki, bu mövsüm çiyələk sahələrindən bol məhsul götürə biləcək. Onun sözlərinə görə, çöl şəraitində becərilən nübar məhsulun bazarda alıcısı da çox olur. Bu da fermerə daha çox gəlir gətirir. Nübar çiyələyin hər kiloqramı yerindəcə müştərilərə 2 manat – 2 manat 50 qəpiyə təklif edilir.
Qeyd edək ki, Cəlilabadda sahələrdə əsasən İsraildən gətirilən çiyələk sortları əkilib. “Albion” adlanan yeni sortu digərlərindən fərqləndirən cəhət bir ay tez məhsul verməsidir. Bu, satışa da müsbət təsir göstərir.