REGİONLAR
Cəlilabadda dini icmalar üçün seminar-treninq
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti seminar-treninq Cəlilabad şəhərində keçirilib.
Tədbirdə DQİDK-nın, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Milli Tolerantlıq Mərkəzinin nümayəndələri, cənub bölgəsinin dini icma rəhbərləri və ziyalıları iştirak ediblər.
Seminar-treninqin açılışında çıxış edən DQİDK-nın şöbə müdiri Niyaz Yaqubov bildirib ki, bu gün dövlət dini icmalar üçün hər cür şərait yaradır. Ancaq bu, o demək deyil ki, kimsə yaradılan şəraitdən sui-istifadə edə bilər. Tolerantlıq ənənələrini pozmağa cəhd edənlərə qarşı dini icmalarla birgə mübarizə aparılacaqdır.
Milli Tolerantlıq Mərkəzinin direktoru Elmin Əliyev bildirib ki, silsilə treninqlər sentyabrın sonunadək davam etdiriləcəkdir. E. Əliyev onu da əlavə edib ki, bu seminar-treninqlərin DQİDK ilə birgə keçirilməsi dövlətin bu sahəyə olan diqqətinin göstəricisidir.
Daha sonra paytaxtdan dəvət olunmuş ilahiyyatçı ekspertlər tərəfindən milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumlarının dini təməlləri istiqamətində maraqlı məruzələr dinlənilib.
Tədbirin yekununda dini icma nümayəndələri ilə radikal dini düşüncənin qlobal fəsadları, dini zəmində parçalanma, məzhəb ayrı-seçkiliyi probleminin səbəbləri və aradan qaldırılması mövzusunda müzakirələr aparılıb.