REGİONLAR
Cəlilabadda gizli fəaliyyət göstərən kafe aşkarlanıb və mağazaya gedən koronavirus xəstəsi saxlanılıb
Cəlilabad, 2 dekabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabadda sərtləşdirilmiş karantin rejiminə zidd olaraq fəaliyyət göstərən iki kafe aşkarlanıb və yaşayış yerini tərk edərək mağazaya gedən koronavirus xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Tərlan” və “Palma” kafelərinin sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Obyektlərə baxış zamanı həmin kafeləri icarə əsasında işlədənlər və orada olan müştərilər olmaqla ümumilikdə 14 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbirlər görülüb.
Bundan əlavə, polis əməkdaşları tərəfindən Cəlilabad şəhər sakini, COVID-19 infeksiyası testinin nəticəsi pozitiv çıxmış Elşən Əliyevin yaşayış yerini tərk etdiyi müəyyən edilib. Həmin şəxs polis əməkdaşları tərəfindən ərzaq mağazasında aşkar edilərək yaşadığı ünvana qaytarılıb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.