REGİONLAR
Cəlilabadda istehsal olunan kartofun 85 faizi xarici ölkələrə ixrac edilib
Cəlilabad, 13 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabadda bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov yığıncaqda hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, bu il Cəlilabad rayonu üçün ən əlamətdar hadisə Prezident İlham Əliyevin sentyabrın 2-də rayona növbəti səfəri olub. Prezidentin səkkizinci dəfə Cəlilabada səfər etdiyini vurğulayan Ə.Əzizov dövlətimizin başçısının hər gəlişinin rayonun sosial-iqtisadi və mədəni həyatında əlamətdar hadisələrlə yadda qaldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, səfər çərçivəsində Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin, rayon telekommunikasiya qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasının, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun, “Avanqard” MMC-nin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsinin, “Günəşli-Aqro” MMC-nin aqroparkının istifadəyə verilməsi nəticəsində rayonda mindən artıq iş yeri açılıb.
Məruzədə bildirilib ki, bu ilin doqquz ayında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə yüksək məhsuldarlığa nail olunub, 160,5 min ton buğda, 600 ton bostan məhsulları, 7 min ton şəkər çuğunduru və 13 min ton üzüm tədarük edilib.
Rayonda aqrar bölmənin mühüm sahəsi olan kartof əkini ildən-ilə genişləndirilərək 4200 hektara çatdırılıb. Nəticədə, rayonda rekord miqdarda - 96,2 min ton yüksək keyfiyyətli kartof istehsal edilib ki, onun da 85 faizi xarici ölkələrə ixrac olunub. Hesabat dövründə Rusiya Federasiyasına 81,6 min ton kartof və 76 ton çiyələk, Küveyt dövlətinə isə 12 ton üzüm ixrac edilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən rayonda ənənəvi əkin sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi məqsədi ilə 500 hektar sahədə pambıq əkilib, indiyədək 365 ton məhsul istehsal olunub. Rayonda baramaçılığın inkişafı ilə bağlı ilkin olaraq 10 min tut ağacı əkilib, kümçülər tərəfindən 12 qutu ipəkqurdu yetişdirilərək “Şəki-ipək” ASC-yə təhvil verilib.
Görülən tədbirlər nəticəsində bu ilin doqquz ayında Cəlilabad Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydə alınan 1109 nəfərin 578 nəfəri daimi işlə təmin olunub. İşaxtaran vətəndaşlardan 22 nəfəri peşə hazırlığı kurslarına, 24 nəfəri ictimai işlərə, 20 nəfər isə özünüməşğulluq proqramına cəlb edilib.
Bildirilib ki, hesabat dövründə rayonda sosial məsələlərin həllinə diqqət artırılıb, bir sıra obyektlər tikilərək istifadəyə verilib. Cəlilabad şəhərindəki 30 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilib, Göytəpə şəhərində leysan yağışlar nəticəsində uçmuş 15 mənzilli yaşayış binasının sakinləri üçün fərdi yaşayış evləri tikilib. Göytəpə-Komanlı yolunun 5,7 kilometrinə asfalt döşənib, Gülməmmədli kəndində 373 abonentə təbii qaz verilib.
Yığıncaqda çıxış edənlər hesabat dövründə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Sonda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.