CƏMİYYƏT
Cəlilabadda keçirilən tədbirdə Dövlət Miqrasiya Xidmətinin göstərdiyi elektron xidmətlər barədə məlumat verilib
Bakı, 23 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad rayon filialında müəllim və tələbə kollektivinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərlə bağlı məlumatlar verilib, mobil tətbiq - “MİGAZ”ın funksiyaları, istifadə qaydaları əyani göstərilməklə geniş izah olunub. Həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlər, Azərbaycan Respublikasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, onlara ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsi qaydaları izah edilib, qanunsuz miqrasiya, qanunvericiliyin tələblərinin pozulması zamanı inzibati məsuliyyət barədə geniş məlumat verilib.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və yaşaması, iş icazəsinin verilməsi ilə bağlı prosedurların sadələşdirildiyi konkret faktlarla diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.