REGİONLAR
Cəlilabadda marketdən oğurluq edən rayon sakinləri saxlanılıb
Cəlilabad, 2 mart, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir gündə iki marketdən oğurluq edən rayon sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşən bir marketdən axşam saatlarında ümumilikdə 888 manat dəyərində nağd pul və tütün məmulatlarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Rahil Bağırov, Mətləb Verdiyev və Elbrus Bağırov saxlanılıblar.
Aparılan araşdırmalarla onların həmin gün rayon ərazisindəki daha bir marketdən oğurluq etdikləri müəyyən olunub.
Saxlanıldıqdan sonra Rahil Bağırovun üzərinə keçirilən baxış zamanı ondan 1 ədəd “beşbarmaq” adlanan soyuq silah aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.