REGİONLAR


Cəlilabadda muzey eksponatına çevrilən daş dəyirmanı FOTO VİDEO

Cəlilabad, 22 mart, İsmayıl Cəfərli, AZƏRTAC

Dən üyüdən dəyirmanlar qədimdən məişət mədəniyyətimizin bir parçası olub. Lakin indi bölgələrdə bu cür dəyirmanların sayı barmaqla sayılacaq qədərdir. Bir vaxtlar qarşısında günlərlə növbə gözlənilən bu cür daş dəyirmanlarından biri də Cəlilabadın Hamarqışlaq kəndində qorunub saxlanılır.

AZƏRTAC xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, bu dəyirmanın yaşı ötən əsrin 20-30-cu illərinə gedib çıxır. Daş dəyirmanını kənd sakini, mərhum Məmmədqulu Mustafayev ərsəyə gətirib. Dəyirmanın ehtiyat hissələri, xüsusən dən üyüdən daşları vaxtilə çox çətinliklə ayrı-ayrı bölgələrdən gətirilib. Mərhumun oğlu Mədət Mustafayevin sözlərinə görə, kənd ərazisində yeni tikililərin sayı artdıqdan sonra dəyirmanın yeri dəyişdirilərək 1989-cu ildən hazırkı binaya köçürülüb. Təxminən 6 mindən çox əhalisi olan ətraf 7 kəndin sakinləri buğda üyütmək üçün yaxın illərədək məhz bu dəyirmana üz tutublar: “Mən balaca uşaq idim, gəlirdim atamın yanında baxıb prosesi öyrənirdim. Atam rəhmətə gedəndən sonra burada işləyirəm. Əvvəllər 7 kəndin əhalisi bu dəyirmanın unu yaxşı olduğuna görə, dənlərini burada üyüdürdü”.

Yaşlı sakinlərin təcrübələrinə görə, diyetik xüsusiyyətlərə malik dəyirman unundan bişirilən çörək özünəməxsus dadı, ətri ilə yanaşı, həm də müəyyən xəstəliklərdən əziyyət çəkən insanlar üçün faydalıdır.

Kənd sakini Mirağa Miriyev deyib: “Mənim indi 67 yaşım var. Əmimgil bu dəyirmanı kəndin içində qurmuşdu, o vaxt mən uşaq idim. Ətraf kəndlərdən at arabası ilə gəlib, növbəyə yazılırdılar. Dəyirmanda üyüdülən çörəyə o vaxt böyük tələbat vardı. Nənələrimiz bu undan təndirdə çörək bişirərdi, ətri hər yana yayılardı”.

Əsrlər boyu məişətimizdə xüsusi yer tutmuş bu cür daş dəyirmanları indi elmi texnikanın inkişafı ilə əlaqədar təəssüf ki, yalnız muzey eksponatına çevrilib. Ölkəmizdə taxılçılığın əsas təsərrüfat sahəsinə çevrildiyi bir dövrdə, belə ruzi ocaqları olan daş dəyirmanlarının istifadə edilmədiyi üçün tarixə qovuşmasına göz yummaq olmaz. Onları qorumaq və gələcək nəsillərə ötürmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.