REGİONLAR
Cəlilabadda nişan, Lənkəranda isə yas məclisi keçirənlər cərimələniblər
Cəlilabad, 9 aprel, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına nəzarət olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Cəlilabad şəhər sakini M.Məmmədovun karantin rejiminin qaydalarını pozaraq qızına nişan məclisi təşkil etdiyi müəyyən olunub.
Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçılarına bir daha karantin rejiminin qaydaları izah olunub, 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb.
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon sakini Q.Əkbərovun karantin rejimi qaydalarını pozaraq Separadi kəndində qohumuna yas mərasimi təşkil etdiyi müəyyən olunub.
Həmin ünvanda polis əməkdaşları tərəfindən bir daha məclis iştirakçılarına karantin rejim qaydaları izah edilib. Məclisin təşkilatçısı barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə qanunamüvafiq tədbirlər görülüb.