REGİONLAR
Cəlilabadda pandemiya dövründə gənc mədəniyyət işçilərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb
Cəlilabad, 22 avqust, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə gənclər hər zaman dövlət qayğısının mərkəzində yer alırlar. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi də bu diqqət və qayğının bariz nümunəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Cəlilabad Rayon Gənclər və İdman İdarəsi, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Pandemiya dövründə gənc mədəniyyət işçiləri" mövzusunda keçirilən vebinarda səsləndirilib.
Vebinarda Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, İdarənin əməkdaşları, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, struktur bölmə rəhbərlərinin əməkdaşları və gənc mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə könüllülük hərəkatını inkişaf etdirmək, xüsusi karantin rejimi müddətində evdə qalan gənclərin asudə vaxtlarının səmərəli təşkili sahəsində gənc mədəniyyət işçilərinin fəaliyyətini əlaqələndirməkdir.
Çıxış edən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Qeyd olunub ki, gənclərimiz ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan bəhrələnirlər. Bu mühüm və çoxşaxəli proqramlarda vətənpərvərlik, Azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və sair məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır.
Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev çıxışında qeyd edib ki, rayonda yerləşən mədəniyyət müəssisələrinin pandemiya şəraitində səmərəli fəaliyyəti özünəməxsus forma və məzmunu ilə seçilir. Ölkəmizdə xüsusi karantin rejimi tətbiq edilən gündən etibarən rayonun mədəniyyət müəssisələri fəaliyyətlərini əsasən onlayn şəkildə davam etdirirlər. Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası müxtəlif dillərdə virtual ekskursiyalar təşkil edərək sosial şəbəkələrə yerləşdiriblər.
Cəlilabad Xalq Teatrı müxtəlif mövzularda maarifləndirici tamaşa və kompozisiyalar hazırlayaraq, sosial şəbəkə izləyicilərinə təqdim edib. Mərkəzləşdirilmiş Kitabxana Sistemi tarixi və əlamətdar günlərlə əlaqədar videoçarxlar hazırlayaraq, virtual qiraət müsabiqələri keçirib.
Digər çıxış edənlər pandemiya dövrü üçün xarakterik olan tədbirlərin keçirilməsi ilə bağlı təkliflərini bildiriblər.