REGİONLAR
Cəlilabadda qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunlarla görüş keçirilib
Cəlilabad, 19 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində bu il ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Görüşdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bu il rayonun ümumtəhsil məktəblərinin məzunlarından ali məktəblərə qəbul olunmuş gəncləri təbrik edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb.
R.Cəlilov ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul olunan dövlət proqramları barədə məlumat verib, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, hər il rayon üzrə ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentlərin sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.
Diqqətə çatdırılıb ki, builki qəbul imtahanlarında Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyin, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin məzunları, Günəşli kənd 1 nömrəli tam orta məktəbin, Göytəpə şəhər 2 nömrəli tam orta məktəbin, Xəlilli kənd tam orta məktəbin, Bədirli kənd tam orta məktəbin, Sabirabad kənd 1 nömrəli tam orta məktəbin, Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbin, akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin məzunu və başqaları 600-dən çox bal toplayıblar.
Tələbə adını qazanan məzunlar ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda bu il ali məktəblərə qəbul imtahanları zamanı 600-dən çox bal toplayan məzunlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.