REGİONLAR
Cəlilabadda qonaq olan Xarıbülbül öz yurduna qayıdır FOTO VİDEO
Cəlilabad, 17 aprel, İlkin Adıyev, AZƏRTAC
Xarıbülbül Azərbaycanda, əsasən Qarabağda - Şuşada bitdiyindən həmin yerin rəmzi sayılır. Lakin bu bitkiyə Cəlilabad rayonunun bir neçə kəndində də rast gəlmək mümkündür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xarıbülbül rayonun Tahirli, Cəngan və bir neçə kəndində bitir. Yad torpaqda çətinliklə böyüsə də, tez məhv olur.
Xarıbülbülün rayon ərazisində bitməsi sakinlərin marağına səbəb olub. Cəngan kənd ziyalısı Dadaş Bayramov bildirir ki, bu bitki Şuşa torpağında daha yaxşı bitir. Xarıbülbülün Cəlilabadda bitməsi kənd sakinləri tərəfindən təsadüf nəticəsində aşkar edilib. Cəngan kəndi ərazisində yalnız iki yerdə bitdiyindən, həmin ərazilər sakinlər tərəfindən qorunur.
Xarıbülbülü mal-qara otaran zaman kənd sakini İbadət Kərimov aşkar edib: “Kəndin təpəlik ərazilərində mal-qara otaran zaman bu gülə rast gəldim. Əvvəl Xarıbülbül olduğunu anlamadım. Sonradan araşdıranda məlum oldu ki, bu gül həqiqətən Xarıbülbüldür. Ondan sonra həmin əraziləri qorumağa başladıq. Xarıbülbül Şuşada may-iyun aylarında çiçək açır. Amma bizdə aprel ayının əvvəli çiçəkləyir, ayın sonuna doğru solmağa başlayır. Əvvəllər bu gül daha çox əraziyə yayılmışdı. İndi isə barmaqla sayılası qədər bitir. Şuşanın azad olunmasından sonra Xarıbülbül də sanki öz Vətəninə qayıdır”.
Qeyd edək ki, Xarıbülbül endemik bitki hesab olunur və “Qırmızı kitab”a daxil edilib. Bu gülün əsl adı Qafqaz qaş səhləbidir. Xarıbülbül may-iyun aylarında bitir, ömrü isə bir ay təşkil edir.