REGİONLAR
Cəlilabadda sahələrdə bol payızlıq kartof yetişdirilib
Cəlilabad, 1 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
İkinci çörək sayılan kartofun yığım dövrü əsasən yaz fəsli olsa da, Cəlilabadda payız fəslində də kütləvi yığımı davam edir. Fermerlər məhsulun toplanmasına noyabr ayının əvvəlindən başlayıblar.
AZƏRTAC xəbər verir ki, Cəlilabadın torpaq-iqlim şəraiti əlverişli olduğu üçün kartof bitkisi rayonda daha geniş ərazilərdə əkilib-becərilir. Torpaqdan il ərzində iki, bəzən üç dəfə məhsul götürən zəhmət adamları, builki payızlıq əkin mövsümündə təxminən 650 hektara yaxın sahədə kartof yetişdirib. Mütəxəssislərin sözlərinə görə, payızlıq kartofun vegetasiya dövrü ilin nisbətən soyuq fəslinə düşdüyündən bitkidə ciddi xəstəlik və zərərvericilər müşahidə olunmur.
Lakin fermerlər daha yüksək məhsuldarlıq əldə etmək üçün əsasən yaz fəslinə üstünlük verirlər. Əkin zamanı daha çox Rusiyadan gətirilən toxum sortlarından istifadə olunur. Fermer Elvin Ağalarov deyir ki, əkinə avqust ayından başlamışıq. Məhsuldarlıq ürəkaçandır: “Biz payız əkininin məhsulunu indi torpaqdan çıxarırıq. Bir neçə kartof sortu əkmişik. Daha çox əkində “Kembirov” sortu və “Udaçi” sortundan istifadə edirəm. “Udaçi” sortundan daha çox məhsul gözləyirəm. Təxmini olaraq bu sortdan 15-17 ton məhsul yığacağam. Bol məhsul götürmək üçün vaxtında aqrotexniki qulluq etmişəm. Gübrələrini vaxtında vermişəm. İndi də yığılan məhsul məni qane edir”.
İstehsalçılar ötən mövsüm kartof sahələrindən 140 min tondan çox, yaxud 265 sentner məhsuldarlıq əldə ediblər. Məhsulun 70 faizə yaxını xaricə ixrac olunub.
Bununla yanaşı, fermerlər bəzi problemlərlə də üzləşirlər. Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Mübariz Nadirov bildirib ki, aparılmış monitorinqlər nəticəsində fermerlərin müəyyən çətinlikləri, problemlərlə üzləşməsi qeydə alınır. Bu da xüsusən fermerlərin su problemidir. Çalışırıq ki, bu problemlər növbəti ildə aradan qaldırılsın. Həmçinin fermerlər mineral gübrələrin qiymətinin baha olmasından da narazıdırlar. Biz də bununla bağlı təkliflərimizi hazırlayaraq aidiyyəti üzrə göndərmişik”.
Hazırda sahələrdən tədarük olunan məhsul istehsalçıdan kiloqramı 50-55 qəpiyə alınır. Yerli mütəxəssislərin hesablamalarına görə, kartof əkən fermerlərin ötənilki yazlıq və payızlıq əkinlərinə görə ümumi gəlirləri 1 milyon manatdan çox olub.