REGİONLAR
Cəlilabadda şəhid Cavid Paşayevin oğlu dünyaya göz açıb...VİDEO
Cəlilabad, 2 dekabr, Bağır Əliyev, AZƏRTAC
Vətən müharibəsində mənfur düşmənə qarşı savaşda torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan cəlilabadlı Cavid Paşayevin oğlu dünyaya gəlib. Çəkisi 2,6 kiloqram, boyu 49 santimetr olan körpənin sağlamlığı hazırda normaldır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, igid döyüşçümüz Cavid Paşayevin yadigarının doğulması şəhidin doğmaları ilə yanaşı, rayon sakinlərinin də sevincinə səbəb olub...
Sinəsində Vətən, torpaq sevgisini yaşadan Cavid Paşayev Vətən müharibəsinə könüllü getmişdi. Bilirdi ki, övladı dünyaya gələcək, özü də oğul övladı. Lakin torpağı hər şeydən üstün tutdu Cavid Paşayev. Bilirdi ki, ya qazi olacaq, ya da şəhid. Hər ikisini göz önünə alan Cavid vəsiyyətini də etmişdi:-“Şəhid olaramsa, oğluma öz adımı verərsiniz”.
Yeni doğulmuş körpə xəstəxanadan evə yola salınanda üçrəngli bayrağımızın dalğalandığı maşın karvanları yol aldı şəhid Cavidin doğulduğu Gülməmmədli kəndinə. Rayon sakinləri şəhid Cavidin körpə nişanəsini qarışlamaq üçün toplaşmışdı doğma ocağa. Həmin ocaq ki, Cavid müharibəyə buradan getmişdi, üçrəngli bayrağa bələnmiş nəşi burada qarşılanmışdı. İndi isə onun yadigarı gəlirdi bu ocağa, atasının adını yaşatmağa...
Şəhidin atası Vəlican Paşayev: “Cavid demişdi ki, mən gedəcəyəm müharibəyə, şəhid olsam, öz adımı qoyarsınız oğluma. O da şəhid oldu. Allah cəmi şəhidləri rəhmət eləsin, yaralılara da cansağlığı versin. Bizə də səbir versin. Vətən sağ olsun!
Paşayevlər ailəsində dünyaya göz açan bu körpə dünən bir ailənin övladı idisə indi isə o, milyonların sevimlisidir...