Cəlilabadda tarixi abidə torpaq sürüşməsi nəticəsində məhv olmaq təhlükəsi ilə üz-üzədir VİDEO
AzerTAg.az

Cəlilabad, 20 fevral, İlkin Adıyev, AZƏRTAC
Cəlilabadda Orta əsrlərə aid olduğu güman edilən böyük Qala kompleksi torpaq sürüşməsi nəticəsində məhv olmaq təhlükəsi ilə üz-üzədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yağıntılardan sonra baş verən sürüşmə hazırda aktiv fazadadır. Yerli sakinlərin sözlərinə görə, ərazidə yaranmış iri çatlar hər gün genişlənməkdədir.
Sürüşmə əsasən qalanın Şimal-Qərb hissəsində təpədən aşağıya doğru baş verib.
Tarixçilər sürüşmənin bu şəkildə davam etməsinin tədqiq olunmamış abidənin tez bir zamanda qismən və ya tamamilə dağılmasına səbəb ola biləcəyini bildirirlər.
Tarixçi Ələsgər Mirzəzadə deyir ki, sürüşmə təbiət hadisəsi olsa da, abidə tam öyrənilmədiyinə, burada ətraflı tədqiqat aparılmadığına görə, bu, tarixin izlərinin yox olmasına gətirib çıxara bilər.
Yaranmış vəziyyətlə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat verilib.
Qeyd edək ki, tarixi mənbələrdə “Qazan xanın köşkü” kimi tanınan tikilinin Orta əsrlərdə Qazan xanın yay iqamətgahı olması ilə bağlı məlumatlara rast gəlinir.
Xəbərin mətnində orfoqrafik səhv var