REGİONLAR
Cəlilabadda taxıl yığımı dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə həsr olunmuş tədbir keçirilib
Cəlilabad, 26 iyun, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda sərtləşdirilmiş karantin rejiminin tələblərinə riayət olunmaqla dənli və texniki bitkilərin yığılması, daşınması, emalı dövründə, eləcə də meşə zolaqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə həsr olunmuş marifləndirmə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Fövqaladə Hallar Nazirliyinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev bildirib ki, hazırda rayon ərazisində dənli bitikilərin biçininin sürətlə davam etdiyi dövrdür. Qarşıda duran ən başlıca vəzifə yaşayış məntəqələrinin, təsərrüfat sahələrinin, obyektlərin, bina və qurğuların yanğın təhlükəsizliyini təmin etmək, yanğınların baş verməsinin və yayılmasının qarşısnın alınması, onların aşkar və ləğv olunması, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etmək, yanğınların insanlara və ətraf mühitə təsirini aradan qaldırmaqdır.
Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Şahin Cəfərov da çıxışında rayonun yanğınsöndürmə əməliyyat şəraitindən, mövcud vəziyyətdən danışaraq baş vermiş yanğınların çevik söndürülməsi üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Tədbirdə yerli inzibati ərazi dairəsi üzrə nümayəndələrinə əhali ilə daim ünsiyyətdə olarkən yanğının törədə biləcəyi fəsadlar haqqında məlumatların verilməsi, habelə dənli və texniki bitkilərin biçini ilə əlaqədar olaraq əraziyə daxil olan texnikalara texniki baxışın keçirilməsi və bu texnikaların ilkin yanğınsöndürmə vasitələrilə təmin edilməsinə, sazlığına diqqət yetirmələri barədə tapşırıqlar verilib.
Kombaynların biçini zamanı həmin əraziyə kotanlı traktorun cəlb edilməsi, biçindən sonra ərazilərin şumlanması, əkin sahələri arasında mühafizə zolaqlarının yaradılması, həmçinin yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zolaqlarının şumlanması, sahədə açıq oddan istifadə olunmaması, tütün məmulatlarından istifadə edilməməsi, yanğınların söndürülməsi üçün ilkin yanğınsondürmə vasitələrin mövcudluğu barədə zəruri yanğın təhlükəsizliyi tədbirləri bir daha onların nəzərinə çatdırılıb.
Maarifləndirmə tədbiri rayonun taxıl əkini sahələrində davam etdirilib.