REGİONLAR
Cəlilabadda texniki üzüm növünün yığımına başlanılıb
Cəlilabad, 5 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabadlı fermerlər və məhsul istehsalçıları sahələrdən süfrə üzümünün yığımını yekunlaşdırıblar. Bir neçə gündür bağlarda texniki üzüm növünün yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, rayonda indiyədək 660 hektar sahədən 3 min 950 ton üzüm toplanıb. Hər hektardan orta hesabla 6 ton məhsul götürülüb.
Bu ilki məhsul yığımı mövsümü rayonda üzümçülər üçün o qədər də əlverişli olmayıb, xəstəliklər məhsul istehsalçıları üçün bir sıra problemlər yaradıb. Görülən profilaktik tədbirlər sayəsində xəstəliklərin qarşısı müəyyən qədər alınsa da, bu proses məhsuldarlığın aşağı düşməsinə səbəb olub.
Yığılan texniki üzüm növləri şərab zavodlarına təhvil verilir. Məhsul yığımı sentyabrın sonunadək başa çatdırılacaq.
Bu il Cəlilabad rayonundakı 1500 hektar üzüm bağlarından 9 min ton məhsulun yığılması gözlənilir.