REGİONLAR
Cəlilabadda uşaq və yeniyetmələrin məişət zorakılığından qorunmasına dair təlimlərə yekun vurulub
Cəlilabad, 13 noyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım İctimai Birliyi tərəfindən “Uşaq və yeniyetmələrin məişət zorakılığından qorunmasına dair tədbirlərin təşkili” layihəsi çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının təşkilati dəstəyi ilə təlim keçirilib.
Təlimdə ADPU-nun Cəlilabad filialının fəal tələbə-müəllim heyəti və rayonun digər gənclərindən ibarət 25 nəfər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım İctimai Birliyinin əməkdaşı Vamiq Babayev layihənin məqsəd və vəzifələrindən danışıb.
Ombudsman Aparatının Cəlilabad regional filialının rəhbəri Ziya İsmayılov və rayon polis şöbəsinin əməkdaşı Anar Atakişiyev çıxışlarında məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericilik, məişət zorakılığına məruz qalan şəxslər, bu istiqamətdə müraciətlərin rayon üzrə statistikası və digər məlumatları diqqətə çatdırıblar. Onlar uşaq və yeniyetmələrə qarşı bir sıra məişət zorakılığı faktlarını qeyd edərək bu problemin qarşısının alınması istiqamətində gəncləri fəal olmağa səsləyiblər.
Layihə üzrə təlimçi Afiq Məlikov məişət zorakılığı və onun qurbanı sayılan şəxslər, BMT-nin və Avropa Şurasının statistik məlumatları, uşağa qarşı emosional zorakılığın tətbiq olunduğunu ehtimal etməyə əsas verən sosial amillər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistikası və onun təhlili, məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlər, ailə-məişət münaqişələri zəminində baş verən cinayət hadisələri və digər məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Təlimdə mövzuya uyğun videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, layihənin məqsədi uşaqların zorakılığın bütün formalarından qorunması istiqamətində tədbirlər həyata keçirilməsindən ibarətdir.