REGİONLAR
Cəlilabadda xüsusi karantin rejiminin qaydalarına riayət olunmasına nəzarət gücləndirilib
Cəlilabad, 3 aprel, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminə nəzarətlə bağlı görülən tədbirlər daha da gücləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu istiqamətdə həyata keçirilən işlərin səmərəliliyini artırmaq və yeni növ koronavirus infeksiyasına qarşı mübarizəni daha kəsərli aparmaq üçün polis əməkdaşları ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də sakinlərlə maarifləndirici söhbətlərdə iştirak edir, tapşırıq və tövsiyələrini verirlər.
Cəlilabad rayonunda əhalinin sıx məskunlaşdığı, ticarət obyektlərinin daha çox olduğu ərazilərdə sakinlərin maarifləndirilməsi işi daha da gücləndirilib. Hər bir vətəndaşa xüsusi karantin günlərində evdən çölə çıxmağın onların və yaxınlarının sağlamlığı baxımından təhlükəli olduğu izah edilir.
Eyni zamanda, hazırda fəaliyyətini davam etdirən obyektlərdə sanitar və gigiyena qaydalarının gözlənilməsinin və virus infeksiyasının yayılmasına qarşı görülməli olan tədbirlərin vacibliyi diqqətə çatdırılır.