REGİONLAR


Cəlilabadda yol polisi təhlükəsizlik tədbirlərini gücləndirir

Cəlilabad, 14 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 15-də ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi ehtimalı var. Bu şəraitdə məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması polis əməkdaşlarının qarşısında vacib məsələ kimi durur. Buna görə “Diqqət uşaqlar!” devizi ilə təhlükəsizlik aylığı çərçivəsində bir sıra tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hər il olduğu kimi, bu il də Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən təhsil ocaqlarının qarşısında təhlükəsizliyin təmin edilməsi, azyaşlıların iştirakı ilə baş verən yol qəzalarının qarşısının alınması və bu hadisələrin başvermə səbəblərinin aradan qaldırılması məqsədilə profilaktiki tədbirlər görülür.

Aylıq çərçivəsində təhsil müəssisələrinin yerləşdiyi ərazilər, azyaşlı uşaqların toplaşdığı yerlər, onların hərəkət marşrutları, yol şəraiti müayinə olunaraq təhlükəsizliyin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün çatışmayan yol nişanlarının qoyulması, yararsız nişanların yenilənməsi, həmçinin nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.