REGİONLAR
Cəlilabadın Göytəpə şəhərində ikimərtəbəli yaşayış binası çöküb VİDEO
Cəlilabad, 12 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 11-də Cəlilabad rayonunun Göytəpə şəhərinin Oqtay Eynullayev küçəsində qəzalı vəziyyətdə olan ikimərtəbəli 16 mənzilli kommunal yaşayış binası çöküb.
Cəlilabad Rayon Fövqalədə Hallar Komissiyasının sədri Vidadi Dövlətov AZƏRTAC-a bildirib ki, 1900-cü ildə taxta materialından və palçıqdan inşa edilmiş kommunal ev qəzalı vəziyyətdə olub. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Baş vermiş hadisə ilə bağlı müvafiq dövlət qurumlarına məlumat verildiyini deyən V.Dövlətov binada yaşayan 13 ailənin təxliyyə olunduğunu, onların Cəlilabad Peşə Liseyinin yataqxanasında, Fövqalədə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin verdiyi çadırlarda və yaxın qohumlarının evlərində yerləşdirildiyini diqqətə çatdırıb.
Mütəxəssislər tərəfindən yaşayış binasına baxış keçirildikdən sonra onun sökülməsinə qərar veriləcək.