REGİONLAR
Cəlilabadın Hacıcavad və Fətullaqışlaq kəndlərində yeni modul tipli məktəb binalarında ilk zəng çalınıb
Cəlilabad, 18 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 18-də Cəlilabad rayonunun Hacıcavad kəndində 80 və Fətullaqışlaq kəndində 96 şagird yerlik məktəblərin yeni modul tipli binalarının açılışı olub.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Cəlilabad rayonunun Hacıcavad kəndindəki 80 şagird yerlik məktəbin modul tipli binasının açılışı olub.
Mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
N.Zeynalov çıxışında qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları proqramı hazırda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı iş aparılır.
Daha sonra Cəlilabad rayonunun Fətullaqışlaq kənd ümumi orta məktəbi üçün tikilmiş modul tipli binanın açılışı olub.
Açılış mərasimlərində çıxış edən valideynlər və müəllimlər yeni tikilən təhsil ocaqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda məktəb binaları ilə tanışlıq olub.