REGİONLAR
Cəlilabadın Soltankənd kəndində şəhid İbrahim Əzizovun xatirəsinə inşa edilmiş bulaq istifadəyə verilib
Cəlilabad, 23 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunun Soltankənd kəndində Vətən müharibəsi şəhidi İbrahim Əzizovun xatirəsinə inşa edilmiş bulaq abidə-kompleksi açılıb.
Bu münasibətlə keçirilən tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, Ombudsmanın Regional Mərkəzinin rəsmiləri, qazilər, kənd sakinləri və şəhidin doğmaları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid İbrahim Əzizovun qəhrəmanlıqlarından danışıblar.
Qeyd edək ki, şəhid İbrahim Şaməddin oğlu Əzizov 1997-ci il dekabrın 26-da Cəlilabad rayonunun Soltankənd kəndində anadan olub. O, 2016-cı ildə doğulduğu kənddə orta məktəbi bitirərək həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmət zamanı tank sürücüsü kimi yüksək xidmət göstərib.
İgid döyüşçü Vətən müharibəsində xüsusi rəşadət göstərərək Füzulidən Şuşayadək döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. O, doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.
Cəsur döyüşçü ailəli idi, Nuray adlı qız övladı ondan əmanət qalıb.
Şəhid İbrahim Əzizov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.