REGİONLAR


Cəlilabadın üzüm bağlarında məhsul boldur, qiyməti 50 qəpik - 1 manat arasında dəyişir FOTO VİDEO

Cəlilabad, 6 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Bu il Cəlilabadın üzüm bağlarında bol məhsul yetişib. Ötən aydan yığıma başlayan fermerlər tədarük olunan məhsulun bu günədək 400 tondan çoxunu Rusiya bazarlarına ixrac ediblər.

AZƏRTAC xəbər verir ki, üzümçülük Cəlilabad rayonunda kənd təsərrüfatının əsas inkişaf etmiş sahələrindən biridir. Son bir neçə ildə göstərilən xüsusi dövlət dəstəyi bu sahədə məhsul istehsalına geniş şərait yaradıb. Hazırda rayondakı üzüm sahələrinin 1400 hektarı məhsuldar, 100 hektara yaxını isə yeni bağlardı. Bağlarda üzümün 20-yə yaxın sortu becərilir. Bu bağlarda əsasən Fransa və İtaliyanın üzümçülük üzrə tanınmış firmalarının calaq olunmuş üzüm tinglər əkilib. Yığım mövsümünə ötən aydan mərhələli şəkildə başlayan fermerlər bu günədək 6000 tona yaxın süfrə üzüm sortu toplayıb. Bunun da 400 tondan çoxu Rusiya bazarlarına göndərilib.

Üzümçü Ramazan Əliyev deyir ki, 20 ildir üzümçülüklə məşğuldur. Bağlarda 4 sort üzüm becərir - “Pirima”, “Ağadayı”, “Mahmudu” və “Moldova” sortu. “Bunlar çox dözümlü sortlardır. Həm qiymət, həm də daşınma baxımından da bizi qane edir. Bu gün deyə bilərik ki, Cəlilabadımızın keçmiş şöhrəti artıq özünə qayıdıb. Bağlarda bol məhsul var”, - deyə o əlavə edib.

İntensiv qulluq olunan sahələrdə ziyanvericilərə və xəstəliklərə qarşı vaxtında aparılan tədbirlər öz müsbət təsirini göstərib. Hər hektardan 15-18 tondan çox məhsul toplanır. Satış qiyməti sortdan asılı olaraq 50 qəpik - 1 manat arasında dəyişir.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Cəlilabad dayaq məntəqəsinin müdiri Azad Əkbərovla söhbət zamanı bildirdi ki, Cəlilabadda üzüm bağlarının mövcud vəziyyəti qənaətbəxşdir: “Bağlarda bol məhsul var. 20 gündən artıqdır ki, üzüm yığılır. “Prima”, “Artika” sortları yığılıb başa çatıb. Üzümlərin satış qiyməti də qənaətbəxşdir. 50-90 qəpik arasında dəyişir. Bu da o deməkdir ki, orta məhsuldarlıq səviyyəsində fermer lazımi gəlirini əldə edəcək. Hazırda rayonda dövlət səviyyəsində ting istehsalı üzrə təsərrüfat yaradılmaqdadır. Daha perspektivli məhsuldar sortların artırılması da gözlənilir”.

Qeyd edək ki, yığım mövsümü başlayandan indiyədək üzüm bağlarından 8 min 632 ton məhsul yığılıb. Ötən il isə cəlilabadlı üzümçülər bağlardan 23 min tona yaxın məhsul tədarük ediblər. Hazırda üzüm bağlarında orta məhsuldarlıq 95 sentnerə çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.