REGİONLAR


Cəlilabadlı fermerlər uzaq məsafələrə daşınması əlverişli olduğu üçün xarici çiyələk sortlarına üstünlük verirlər

Cəlilabad, 29 aprel, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunda bir neçə gündür polietilen örtüyü altında yetişdirilən çiyələyin yığımına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il havaların qeyri-sabit keçməsi məhsul yığımını bir qədər gecikdirsə də, fermerlər satışdan razıdırlar. Bəzi fermerlər çiyələyin ixracı üçün xaricdən də təkliflər alıblar.

Builki çiyələk əkini mövsümündə ölkəmizin cənub bölgəsində polietilen örtük altında yetişdirilən çiyələk sahələri xeyli artıb. Bu isə bazarlara daha çox çiyələyin ixrac edilməsinə şərait yardır. Nəticədə qiymətlər ötən illə müqayisədə aşağı düşüb.

Ötən il bir kiloqramı 5 manata satılan nübar çiyələyin hazırda sahələrdəki alış qiyməti 2 manat 80 qəpiklə, 3 manat 50 qəpik arasında dəyişir. Tələbat çox olduğu üçün satış əsasən elə ölkədaxili bazarlarda həyata keçirilir.

Daxili bazarlarla yanaşı, xaricdə də çiyələyə tələbat çox olduğunu nəzərə alan məhsul istehsalçıları ilbəil daha keyfiyyətli sortları becərməyə üstünlük verirlər.

Bəzi fermerlər İspaniyadan gətirilərək yerli iqlim şəraitində təcrübədən keçirilmiş yüksək reproduksiyalı çiyələk sortlarından məhsul əldə etməyə başlayıblar. Yeni sortlar daha uzaq məsafələrə daşınması üçün də əlverişli hesab olunur.

Fermer Vüqar Musayev də xaricdən gətirilmiş çiyələk sortunun davamlı və məhsuldar olduğunu bildirib: “Bu il çiyələk əkini zamanı İspaniyadan gətirilmiş sortlara üstünlük vermişik. Yeni növ çiyələklər davamlı və keyfiyyətli olduğu üçün məhsulun xarici ölkələrə ixracı əlverişlidir. Meyvəsi bərk, həm də keyfiyyətli olur. Məhsuldarlığı isə yüksəkdir. Yeni növ çiyələk əkilmiş sahələrdən 6-7 ay məhsul yığırıq”.

Cəlilabadda çiyələk əkini ilə məşğul olan fermerlər Rusiya və Ukraynadan məhsul ixracı ilə bağlı təkliflər alıblar. Lakin, daxili bazarlarda tələbat kifayət qədər olduğundan fermerlər məhsullarını xarici bazarlara ixrac etməyə tələsmirlər.

Hazırda gün ərzində bir hektar sahədən 200-250 kiloqram məhsul yığılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.