REGİONLAR
Cəlilabadlı müəllim şagirdlərinə "Virtual məktəb" platforması üzərindən dərs deyəcək VİDEO
Cəlilabad, 28 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprel ayının əvvəlindən etibarən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Virtual məktəb" layihəsinə paytaxtla yanaşı, bölgələrdən olan müəllimlərin də cəlb edilməsinə başlanılıb. Artıq bu platformaya qatılmış müəllimlərin bir qisminə onlayn təlimlərin keçirilməsinin birinci mərhələsi başa çatıb.
Bu sistem vasitəsilə müəllimlər onlayn dərsləri bundan sonra vahid platforma üzərindən keçəcəklər. Artıq bir müddətdir ki, dərsləri keçəcək pedaqoqlar müəyyən meyarlar əsasında seçilərək təlimlərə cəlb olunurlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayonundakı Teymur Səfərov adına Adnalı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rauf Məlikov Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərdə iştirak edən və “Virtual məktəb”ə qatılan müəllimlərdəndir.
R.Məlikov layihənin üstünlükləri barədə danışaraq deyib: “Meyarlara əsasən, layihəyə ölkəmizin bölgələrindən diaqnostik qiymətləndirməsi, İKT bilikləri yüksək olan şəxslər cəlb olunurlar. “Virtual məktəb” layihəsi “Microsoft times” proqramı ilə reallaşır. Adi proqram təminatlarından fərqli olaraq müəllim bu proqramla istənilən sayda şagirdə eyni vaxtda onlayn dərs keçə, tapşırıqlar verə bilir”.
“Virtual məktəb” layihəsi ilə adi dərsin istənilən mərhələsini distant formada yerinə yetirmək mümkündür. Bu platformada valideynlər də qeydiyyatdan keçərək övladlarının təlim nəticələrini izləyə biləcəklər. Bu isə şagirdlərin dərslərə daha məsuliyyətli yanaşmasına imkan verəcək.
Qeyd edək ki, indiyədək bu platformada 600 min şagird, 50 min müəllim qeydiyyatdan keçib.