REGİONLAR


Cəlilabadlı taxılçıların hədəfi 210 min tondan çox məhsul tədarük etməkdir - FOTO VİDEO

Cəlilabad, 22 iyun, İsmayıl Cəfərli, AZƏRTAC 

Qədim əkinçilik ənənələrinə malik Cəlilabad rayonunun taxılçılarının əməyi sayəsində bu il də zəmilərdə bol məhsul yetişdiriblər. Təsərrüfat sahiblərinin builki hədəfi taxıl biçinindən 210 min tondan artıq taxıl tədarük etməkdir.

AZƏRTAC xəbər verir ki, aqrar sahəyə göstərilən dövlət dəstəyi ölkəmizin hər yerində olduğu kimi, iri taxılçılıq rayonu kimi tanınan Cəlilabadda da ilbəil uğurların əldə olunmasına stimul verir. 2019-cu ilin payızında 63 min 887 hektar sahədə taxıl əkini həyata keçirilib ki, onun da 54 min 979 hektarını buğda, 4608 hektarını arpa, 4300 hektarını vələmir təşkil edib. İllərdir taxılçılıqla məşğul olan rayon sakini Əhmədağa Quliyevlə həmsöhbət olarkən bildirdi ki, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin tövsiyələrinə uyğun olaraq həyata keçirilən aqrotexniki tədbirlər nəticəsində taxıl sahələrində bol məhsul yetişib. Texnika və kombayn təminatı, eləcə də biçinin növbəlilik prinsipi ilə həyata keçirilməsi məhsulun itkisiz toplanmasına imkan verir.

“20 hektar sahəm var. Yüksəkreproduksiyalı toxum səpmişik. Aqrotexniki qaydada qulluq etmişik, mineral gübrələr vermişik. Optimal müddətdə də suvarmışıq. Hazırda biçin gedir. Yüksək məhsul gözləyirəm. Hər hektardan məhsuldarlığın təxminən 40 sentnerdən çox olacağını düşünürəm”, - deyə o vurğulayıb.

Rayonda biçin prosesinə təxminən 60-dan çox kombayn səfərbər olub. Kombaynların əksəriyyəti mülkiyyətçilərin lizinq yolu ilə aldığı ən müasir kombaynlardır. Fermerlərin sözlərinə görə, bu texnikalarla biçin prosesində itki əmsalı sıfıra bərabər olur. Ərazidə biçin aparılan sahələrin hər 10 metrdən bir məsafəsində şum işləri də aparılır ki, bu da yanğın təhlükəsizliyi tədbirləri üçündür. Cəlilabad DAİM-dən verilən məlumata görə, hər gün orta hesabla 600-650 hektar taxıl sahəsində biçin aparılır. Rayonun taxıl zəmilərinin 54 min hektarından çoxu dəmyə sahələridir.

Cəlilabad DAİM-in direktoru Rahib Kərimov deyib: “Mərkəzdə biçinlə bağlı qərargah yaradılıb. Biçinin itkisiz başa çatdırılması və yanğından mühafizəsi üçün bütün ərazilərdə nəzarət edirik. Hazırda olduğumuz sahə növbəli əsasda biçilir. Bu fermerin sahəsindən sonra kombaynlar qonşu fermerin ərazisinə keçəcək. Rayonun aran hissəsində bu proses demək olar, yekunlaşmaq üzrədir. Biçin dağlıq ərazilərə doğru aparılır. Çalışırıq ki, biçin prosesini itkisiz başa vuraq və yüksək məhsul əldə edək”.

Qeyd edək ki, rayonda arpa sahələrinin biçini yekunlaşıb və 45-50 sentnerdən yuxarı nəticə əldə edən fermerlər də var. Hazırda hər hektardan orta məhsuldarlıq - arpada 22 sentner, buğdada isə 32 sentnerdən çoxdur. Fermerlərin isə hədəfi bu mövsüm 210 min tondan çox taxıl tədarük etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.