REGİONLAR
Cəlilabadlılar ağacəkmə aksiyasında fəallıq nümayiş etdiriblər
Cəlilabad, 6 dekabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə cəlilabadlılar dekabrın 6-da yüksək fəallıqla qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun, idarə, müəssisə və təşkilatların, ictimaiyyət nümayəndələrinin, gənclərin qoşulduğu, ümumilikdə, 2500 nəfərədək adamın iştirak etdiyi ağacəkmə kampaniyasında minlərlə ağcaqayın və göyrüş ağacları əkilib.
Rayon sakinləri mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyasının xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsini ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfə kimi dəyərləndiriblər.