ELM VƏ TƏHSİL


“Cəmiyyətin inkişafında qadın” - elmi sessiya

Bakı, 6 mart, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Cəmiyyətin inkişafında qadın” mövzusunda elmi sessiya keçirilib.

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri dosent Aygül Hacıyeva Azərbaycan qadını, onun zəkası, müdrikliyi, cəmiyyətin inkişafı və idarəçiliyində fəal iştirakından danışıb.

Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Aynur Hacıqədirli “Ulu Öndər Heydər Əliyevin elm siyasəti” mövzusunda məruzə edib. O, Ümummilli Liderin Azərbaycan elminin inkişafına verdiyi töhfələrdən, məhz onun respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan qadın alimlərinin elmdə əldə etdiyi uğurlardan söhbət açıb, Ulu Öndərin təşəbbüsü və xüsusi sərəncamları ilə görkəmli qadın alimlərimizə yüksək fəxri adların, dövlət mükafatları və təltiflərin təqdim olunması barədə məlumat verib.

Böyük elmi işçi Tahirə Əliyeva “Ürəklərə nur verən alim qadın, müdrik ana – akademik Zərifə Əliyeva” mövzusunda məruzə edib. O, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən, bu sahədə elmi fəaliyyətindən – dissertasiyalar, monoqrafiyalar və çoxsaylı elmi məqalələrin müəllifi olmasından danışıb, yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına sərf etdiyi böyük əməkdən, ictimai və xeyriyyəçilik fəaliyyətindən söhbət açıb.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva “Mədəni irsimizin qorunmasında Mehriban Əliyevanın rolu” adlı məruzəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban Əliyevanın ölkəmizin milli-mədəni irsinin qorunmasında və beynəlxalq səviyyədə tanınmasında rolu, onun mədəniyyət, incəsənət, idman, multikulturalizm, xeyriyyəçilik sahəsində gördüyü mühüm işlərdən bəhs edib.

Tədbirdə, həmçinin Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri dosent Lamiyə Rəhimovanın “Klassik ədəbiyyatın oxşar taleli iki qadın şairəsi”, həmin şöbənin aparıcı elmi işçisi dosent Aybəniz Rəhimovanın “Dini qəhrəmanlıq yazılı dastan abidələrində cəngavər qadın obrazı”, elmi işçi Jalə Rüstəmovanın “Əlyazmalar İnstitutunun tədqiqatçı qadınları”, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Nəzakət Məmmədlinin “Təsəvvüfdə qadın mürşidlər” mövzularında məruzələri dinlənilib.

Elmi sessiyada Aygül Hacıyeva “Azərbaycan mədəniyyətinin inkişafında qadınların rolu” adlı məruzəsində qadınların Azərbaycan mədəniyyətinin inkişafına verdiyi misilsiz töhfələrdən danışıb.

İnstitutun elmi katibi dosent Əzizağa Nəcəfov və Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanım Mehdixanlı çıxışlarında Azərbaycan qadınının özündə ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi cəmləşdirdiyini qeyd edib, qadınlarımızın igidliyi, qorxmazlığı, mübarizliyi və vətənpərvərliyini vurğulayıblar. Bildiriblər ki, Azərbaycan qadınının fəaliyyəti Azərbaycan xalqının milli-mədəni ənənələrinin qorunub saxlanılması və zənginləşdirilməsinə xidmət edib, ölkəmizdə baş verən siyasi, iqtisadi və mədəni proseslərin inkişafında silinməz izlər qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.