REGİONLAR
Cəmiyyətin tərəqqisi hər zaman təhsilin inkişafından asılı olub
Sumqayıt, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində 28 May mədəniyyət evində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ümumtəhsil məktəblərinin müəllim kollektivi, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov məruzə ilə çıxış edib. Bildirib ki, Beynəlxalq Müəllimlər Günü ilə bağlı qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də UNESCO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 2000-ci ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi keçirilir.
Çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov müəllimləri bayram günü münasibətilə təbrik edib. O qeyd edib ki, bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminlik müəllim ordusu üçün əziz gündür - pedaqoq adını daşıyanlar özlərinin peşə bayramını qeyd edirlər. Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur. Ulu öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyib: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
İcra hakimiyyətinin başçısı əlavə edib ki, bu gün Prezident İlham Əliyev də müəllim əməyini yüksək qiymətləndirərək onlara daim diqqət və qayğı göstərir. Təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamları, habelə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Malik İsaqov vurğulayıb ki, rayon üzrə 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir, onlardan 14-ü yeni tikilib, 18-i əsaslı təmir olunub. Eyni zamanda, 2017-ci ildə Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilib. Hazırda rayon ümumtəhsil məktəblərində 741 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Bu günə qədər rayondan 10 nəfər “Əməkdar müəllim” fəxri adına və 10 nəfər “Tərəqqi” medalına layiq görülüb. Cari ildə 457 məzundan 390-ı ali məktəblərə sənəd verib və onlardan 285-i qəbul olub. Qəbul imtahanlarında iştirak edən 48 məzun 500-600 arası, 27 məzun isə 600-dən yuxarı bal toplayıb. Bu il Qubadlı rayonu üzrə qəbul faizi 73 faiz təşkil edir. Ötən il isə Qubadlı rayonu ali məktəblərə qəbul imtahanlarının nəticəsinə görə respublika üzrə 1-ci yerdə olub. Bütün bunlar Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Bildirilib ki, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı şəhər 2 saylı tam orta məktəbin direktoru Yavər Məmmədov “Tərəqqi” medalına layiq görülüb. Təhsil Nazirliyi tərəfindən isə 2 müəllimə döş nişanı, 3 müəllimə fəxri fərman təqdim olunub.
Tədbirdə fəaliyyətində fərqlənən bir qrup müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.
Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon bölməsinin hazırladığı konsert proqramı təqdim olunub.