ORDU
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bilik yarışması keçirilib
Bakı, 27 dekabr, AZƏRTAC
Müdafiə nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar “Vətənə, xalqa dövlətə xidmət bizim ömrümüzün mənasıdır” devizi altında Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların iştirakı ilə ictimai fənlərə inteqrasiya üzrə intellektual bilik yarışması keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir açıq elan olunduqdan sonra ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, bu mövzuda keçirilən bilik yarışları kursantların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərdiyindən liseyin rəhbərliyi belə tədbirlərə böyük diqqət ayırır. İntellektual bilik yarışmasının sualları əsasən ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, həmçinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü əhatə edib.
“Aysberq”, “Kainat” və “Turan” komandalarının iştirakı ilə keçirilən bilik yarışması başa çatdıqdan sonra qaliblər komandanlıq tərəfindən mükafatlandırılıb.