ORDU
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə valideynlərlə görüş keçirilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan kursantların valideynləri ilə görüş təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, valideynlər Hərbi Liseyin komandanlığı ilə birlikdə kursantların yataq otaqları, tədris sinifləri, yeməkxana, kitabxana, tibb məntəqəsi və başqa bölmələrə baxış keçirib, əşya, ərzaq, tədris vəsaitləri və digər təminat növləri ilə yaxından tanış olublar.
Məktəblə tanışlıqdan sonra valideynlərlə keçirilən toplantıda təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Valideynlər məktəbdə yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıq ifadə edərək keçirilmiş tədbirdən məmnun qaldıqlarını bildiriblər.
Sonda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestri, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının təqdim etdikləri konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.