SİYASƏT


Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub YENİLƏNİB

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mediatur zamanı Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov bu hərbi təhsil ocağının yaranma tarixi, inkişaf yolu və fəaliyyəti, təlim-tədris prosesi barədə ətraflı məlumat verib. Bildirilib ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıdakı 2 saylı səkkiz illik internat məktəbinin bazasında yaradılıb. 1997-ci il noyabrın 24-də Ulu Öndərin Sərəncamı ilə məktəb Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılıb.

Diqqətə çatdırılıb ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsas hədəfi orduya savadlı, bacarıqlı və vətənpərvər zabitlər yetişdirməkdir. Çalışırıq ki, gələcək zabitlərimiz - kursantlar burada yaxşı təhsil alsınlar, intizamlı olsunlar və ali hərbi məktəblərdə təhsillərini uğurla davam etdirsinlər. Onları Vətən və xalq üçün bacarıqlı, vətənpərvər zabit kimi yetişdirmək əsas vəzifəmizdir. Cəmşid Naxçıvanski adına Hərbi Lisey bu günə qədər 12 mindən çox məzun verib. Məzunlardan 20-dən çoxu general rütbəsinə qədər yüksəlib.

Qeyd olunub ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra Hərbi Liseyin məzunları ordu quruculuğunda, respublikamızın ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olublar. Liseyin məzunlarından 100-dən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunub, 11 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Onların adları Azərbaycanın hərb tarixinə əbədi həkk edilib.

General-mayor Bəkir Orucov bildirib ki, Hərbi Liseyin zabitləri 44 günlük Vətən müharibəsində mətanətlə vuruşublar. Vətən müharibəsində Hərbi Liseyin 60 nəfərlik zabit heyəti döyüş əməliyyatlarında iştirak edib. Onlardan 3-ü yaralanıb, mayor Asiman Əliyev isə şəhid olub. Liseyin məzunlarından 18 nəfər Vətən Müharibəsi Qəhrəmanı adı, digərləri isə orden və medallarla təltif olunub.

Media nümayəndələri Hərbi Liseyin tədris korpusları, tibb məntəqəsi, idman kompleksi, interaktiv tir zalı, kursant yataqxanası, yeməkxana və digər inzibati binalarla tanış olub, kursantların məişət şəraiti, hərbi və fiziki hazırlığı, tədris prosesi ilə maraqlanıblar.

Sonda jurnalistlər kursantlarla birgə nahar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.