CƏMİYYƏT


Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinə həsr edilən Azərbaycan kuboku uğrunda futbol yarışları başa çatıb VİDEO

Bakı, 1 avqust, AZƏRTAC

Tarixi günlər unudulmur, yaşadılır, müxtəlif biçimli tədbirlərlə anıla-anıla düşüncələrə hopur. Mahiyyəti dövlətçiliklə bağlı olan belə tədbirlər tarixin cığırdaşına dönür...

Son 50 ilin siyasi hadisələrinin mahiyyətində hərbin də çalarları hiss olunub. Sosial-siyasi xarakterli hadisələr deyilsə də, deyilməsə də bu, hərbiyönümlü olub, dövlətçiliyə nə qədər səmərə verdiyi sonralar etiraf edilib.

Dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına İxtisaslaşdırılmış hərbi təmayüllü məktəb kimi. Məhz Ulu Öndərin qətiyyəti ilə SSRİ hökumətinin bu məktəbin yaradılmasına birmənalı etirazı mükəmməl, dönməz məntiqlə, ideoloji qüdrətlə dəf edildi. Məktəbə “Qırmızı terror”un qurbanı olan Cəmşid xan Naxçıvanskinin adının verilməsi də cəsarətli, tarixi bir hadisə idi.

Bu məktəbin yaradılması təkcə hərbi təhsil məsələsi deyildi, Azərbaycanın gələcəkdə öz müstəqilliyini bərpa edəcəyinə inamın təntənəsi, uzaqgörən təşəbbüs idi.

Hərbi lisey 50 ildir cəmiyyətin sevgisi, ehtiramıyla əhatələnən təhsil ocağıdır. Ocaq min illərdi Azərbaycan mühitində necə müqəddəs hesab edilibsə, xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı bu hərbi təhsil ocağı da eyni səviyyədə ziyarətgaha çevrilib.

Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının 50 illik yubileyi ölkə miqyasında, yüksək səviyyədə qeyd edilməkdədir.

Müdafiə Nazirliyinin dəstəyi, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə C.Naxşıvanski adına hərbi liseyin yaradılmasının 50 illiyinə həsr edilmiş futbol üzrə Azərbaycan kuboku uğrunda yarışlarda qalib gəlmək üçün bir neçə komanda gücünü sınayıb.

AZƏRTAC xəbər verir ki, iyulun 30-da ASCO Arenada (Bayıl stadionu) Azərbaycan kuboku uğrunda yarışların final mərhələsinin açılışına həsr olunmuş mərasim keçirilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin ifasında Dövlət Himni ifa olunub.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani liseyin yaranması zərurətindən, tarixi şəraitdən, məktəbin yetirmələrinin müasir rəşadətli Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında müstəsna xidmətlərindən, məzunların istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində fəal iştirakından, onların göstərdikləri şücaət və qəhrəmanlıqlardan qürurla danışıb. Bu hərbi məktəbin yaradılmasının 25, 30 və 50 illik yubileylərinə həsr edilən kitabların müəllifi olmasından qürur hissi keçirdiyini bildirib.

C.Naxçıvanski adına hərbi liseyin sabiq rəisləri, yetirmələri olan generallar, zabitlər dahi liderimiz Heydər Əliyevin əsasını qoyduğu möhtəşəm abidələrdən biri olan bu xüsusi təyinatlı təhsil ocağına göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlıq ediblər, “Belə bir tədbir liseyin timsalında qalib Azərbaycan Ordusuna sevgidir”, – deyiblər.

Cəmşid Naxçıvanski adına hərbi liseyin ilk məzunlarından biri olan Azərbaycan Həvəskarlar Futbol Federasiyasının yaradıcısı və prezidenti, ehtiyatda olan polkovnik Rüfət Əmirov göstərilən dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov belə tədbirlərin Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, çağırışçıların, eləcə də yeniyetmələrin vətənpərvərlik və fiziki tərbiyəsində, iradi keyfiyyətlərin aşılanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Hərbi liseyin məzunları olan Silahlı Qüvvələr veteranları və qonaqları final yarışının iştirakçılarına uğurlar arzulayıblar.

Məzunlara və qonaqlara Abdulla Qurbaninin “Böyük gələcəyə baxış” adlı yubiley nəşri hədiyyə edilib.

H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və incəsənət ustalarının ifa etdikləri vətənpərvərlik mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantlarının hərbi orkestrin müşayiəti ilə ifa etdikləri “Naxçıvanskilər marşı” tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Əsaslı təmirdən sonra “ASCO Arena”da ilk dəfə olaraq “Gənclər” (Bakı) və “City Baku” (Bakı) komandaları Azərbaycan kuboku uğrunda qalib gəlmək üçün yaşıl meydançaya çıxıb.

Maraqla izlənilən finalda hər iki komanda C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinə həsr edilən yarışın kubokunu qazanmaq üçün gərgin mübarizə aparıb. “Gənclər” komandası 6:1 hesabı ilə qalib gəlib.

Hər iki komanda Müdafiə Nazirliyinin təsis etdiyi medal və diplomlar, C.Naxçıvanski adına hərbi liseyin xüsusi hədiyyələri, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının medal və diplomları ilə təltif edilib. Qalib komandaya kubok təqdim edilib.

Cəmşid Naxşıvanski adına hərbi liseyin 50 illik yubileyinə həsr olunan Azərbaycan kuboku uğrunda futbol yarışları hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.