REGİONLAR


Cəmşid Naxçıvanskinin şərəfli ömür yolu bugünkü və gələcək nəsillərə örnəkdir

Naxçıvan, 13 avqust, AZƏRTAC

Ötən əsrin 20-30-cu illərində milli hərbi kadrların yetişdirilməsində, vətənimizin müdafiə qüdrətinin möhkəmləndirilməsində xüsusilə sərkərdələrimizin danılmaz xidmətləri olub. Azərbaycanın hərb tarixində görkəmli rol oynamış belə sərkərdələrdən biri də Cəmşid Naxçıvanskidir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində general-mayor Cəmşid Naxçıvanskinin anadan olmasının 124-cü ildönümü münasibətilə keçirilən tədbirdə bəhs olunub.

Tədbirdə çıxış edən muzey kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova milli hərb tariximizin görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin tədqiqi və təbliğinin əhəmiyyətindən danışıb.

Cəmşid Naxçıvanskinin ev-muzeyinin direktoru Abasət Nuriyev çıxışında qeyd edib ki, Cəmşid Naxçıvanski 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində ehtiyatda olan zabit Cəfərqulu xan Naxçıvanskinin ailəsində dünyaya göz açıb. 12 yaşı olarkən hərbi təhsil alması üçün atası Cəmşidi Tiflis Kadet Məktəbinə gətirib. Cəmşid burada 7 il ilkin hərbi təhsil aldıqdan sonra 1914-cü ildə Qərbi Ukraynanın Yelizavetqrad şəhərindəki Qvardiya Məktəbinə daxil olub.

“1914-cü ilin dekabrında Cəmşid Naxçıvanskiyə proporşik hərbi rütbəsi verilərək çar Rusiyasının müsəlmanlardan təşkil etdiyi Qafqaz Süvari Diviziyasına xidmətə göndərilib. 1915-ci ilin qışında Cəmşid xan süvari alayı ilə birlikdə I Dünya müharibəsinin cənub-qərb cəbhəsində gedən qızğın döyüşlərə qatılıb. Bu müharibə zamanı Brusilov cəbhəsinin yarılması, Kosovo, Novoselka kəndləri və Lutks şəhəri uğrunda, İnquş Süvari Alayının mühasirədən azad edilməsi əməliyyatında və onlarla digər döyüşlərdə Cəmşid Naxçıvanski qəhrəmanlıqla vuruşub”, – deyən Abasət Nuriyev vurğulayıb ki, Cəmşid Naxçıvanski 4 il davam edən bu amansız döyüşlərdə 3 dəfə ağır yaralanıb, hərbi hospitallarda müalicə alaraq təkrar döyüşlərə qatılıb. Cəmşid Naxçıvanskinin döyüş meydanlarında göstərdiyi cəsarət və igidlik imperiya rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, hədiyyələrlə mükafatlandırılıb.

Sonra həmin muzeyin baş fond mühafizi-elmi işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynovanın, “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Zülfiyyə Əliyevanın çıxışları dinlənilib.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.