SİYASƏT
Cənab Ali Baş Komandan, 10 milyonluq xalqın ürəyi və gücü Sizinlədir!
Bakı, 9 oktyabr, AZƏRTAC
Bir neçə saat bundan əvvəl Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti və təbriki hər birimizi qürurlandırdı. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları xalqımızda qələbə ruhunu daha da artırdı, dünya tarixi haqqın və ədalətin bərpasının şahidi olur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İctimai əlaqələr, elektron tədris və informasiya təminatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Ağayev deyib.
O bildirib: “Azərbaycan Prezidentinə üz tutaraq bir ziyalı kimi deyirəm ki, cənab Prezident, 10 milyonluq xalqın ürəyi Sizinlə döyünür, 10 milyonluq xalqın gücünü qollarınızda hiss edin! Biz Sizə inanır, etibar edirik!. Siz bu xidmətlərinizlə tarix yazırsınız!
Biz bilirik ki, Siz Azərbaycanın öz torpaqlarını sülh yolu ilə azad etməsini istəyirsiniz. Sizin “Ermənistana axırıncı şans veririk, axırıncı şans. Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb” sözləriniz hər birimizi daha da qürurlandırdı.
Cənab Prezident, xain düşmənə aman verməyin! Son qarış torpağımızın alınması uğrunda bütün xalqımız Sizinlə və Azərbaycan Ordusu ilə çiyin-çiyinədir, Sizinlə birlikdədir!
Bütün xalqımız bir ümidlə yaşayır. Siz yaxın günlərdə xalqa növbəti müraciətinizdə deyəsiniz ki, “Qarabağ işğaldan azad edildi! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.