ELM VƏ TƏHSİL
Cenevrə Biznes Məktəbi Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək
Bakı, 27 noyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Cenevrə Biznes Məktəbinin kampus direktoru Mark Hattonla görüşüb. Görüşdə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müşaviri İlkin Aslanov, əmək şəraiti normalarının işlənməsi idarəsinin rəis müavini Kamran Dadaşov və BANM-in məsul əməkdaşları iştirak ediblər.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı E.Qasımov rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. Bildirib ki, BANM yerli və transmilli şirkətlərlə sıx əməkdaşlıq edir və daim istehsalatın içindədir. Rektor, həmçinin qeyd edib ki, BANM Böyük Britaniyanın Herior-Vatt Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti ilə tərəfdaşdır və həmin universitetlərin tədris proqramları ali məktəbdə tədris olunur.
Mark Hatton bildirib ki, Cenevrə Biznes Məktəbi İsveçrənin ən nüfuzlu tədris müəssisəsi olaraq dünyanın altı şəhərində bakalavr, magistratura və doktorantura üzrə təhsil verir. Bakıya 6-cı dəfə səfər etdiyini bildirən Mark Hatton Cenevrə Biznes Məktəbinin BANM ilə əməkdaşlıq etmək niyyətində olduğunu, xüsusilə Cenevrə Biznes Məktəbinin neft və qaz menecmenti üzrə MBA proqramının birgə təşkil edilə biləcəyini vurğulayıb. O, həmçinin proqramı ali məktəblə ikili diplom və münasib qiymətə təşkil edilməsinin mümkün olduğunu, BANM ilə əməkdaşlığın Cenevrə Biznes Məktəbi üçün əhəmiyyətli olduğunu söyləyib.
Təklifə müsbət yanaşan E.Qasımov bu istiqamətdə BANM-in hər cür dəstək göstərməyə hazır olduğunu və Azərbaycanda ilk dəfə tədris olunacaq yeni MBA proqramının tələbələr arasında böyük maraq doğuracağına əminliyini bildirib.
Daha sonra tərəflər arasında proqramın detalları, həmçinin iki təhsil müəssisəsi arasında tələbə və professor mübadiləsi, eləcə də Cenevrə Biznes Məktəbinin tələbələrinin Azərbaycanda təcrübə proqramlarına cəlb olunması üzrə istiqamətlər müzakirə edilib.