CƏMİYYƏT
Cenevrədə Azərbaycan milli rəqsləri təqdim olunub VİDEO
Cenevrə, 16 noyabr, AZƏRTAC
Hər ilin noyabr ayında olduğu kimi, bu il də Cenevrənin “Palexpo” sərgi mərkəzində 10 günlük “Les Automnales” payız yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, hər il yüz mindən çox insanın ziyarət etdiyi yarmarkada 600-dən çox müxtəlif sərgi və animasiya, salonlar və müxtəlif tədbirlər keçirilir.
Yarmarkada hər il keçirilən tədbirlərdən biri də müxtəlif xalqların döyüş sənəti, eləcə də mahnılar, musiqi və rəqslər sahəsində uğurlarını geniş ictimaiyyətə təqdim etməyə imkan verməklə, incəsənət və idman sahəsində fəaliyyət göstərənləri birləşdirən “Hərəkətlər sənəti salonu”dur (Salon de l’Art du Mouvement). Soydaşımız Mariya Xan-Xoyskaya Martiqnolinin rəhbərlik etdiyi və üzvləri Cenevrədə yaşayan azərbaycanlıların övladlarından ibarət olan “İRS” uşaq rəqs qrupu tədbirdə iştirak edib, Azərbaycan xalq rəqslərini geniş ictimaiyyətə təqdim edib.
Yarmarkada Azərbaycan incəsənətinin təqdimatı ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin dəstəyi ilə baş tutub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə