SİYASƏT


Cenevrədə Azərbaycanın dinlərarası dialoqun inkişafına verdiyi töhfədən danışılıb

Cenevrə, 9 fevral, AZƏRTAC

Fevralın 9-da Cenevrənin Millətlər Sarayında BMT-nin Cenevrə Bölməsinin nəzdindəki İordaniyanın daimi nümayəndəliyi və BMT-nin Təlim və Tədqiqat İnstitutunun təşəbbüsü ilə “3-cü İllik Dinlərarası Dialoq” adlı konfrans keçirilib. Həmin konfrans İordaniya Kralı II Abdullanın irəli sürdüyü təşəbbüsü əsasında BMT-nin Baş Assambleyasının 2010-cu ildə yekdilliklə təsis etdiyi Dünya Dinlərarası Ahəngdarlıq Həftəsi çərçivəsində təşkil olunub. Həftənin əsas mahiyyətini BMT-nin üzv dövlətlərinin həmrəyik ruhunda əməkdaşlıq edərək bütün dinlər üçün dünyada sülhün ali bir dəyər olmasının bəyan edilməsi təşkil edir.

Konfrans zamanı İordaniya, Sinqapur, Şri Lanka, Müqəddəs Taxt-Tac, Azərbaycan, Malta Suveren Ordeni, İslam Əməkdaşlıq Təşkilatı və Ekvadorun BMT-nin Cenevrə bölməsinin nəzdindəki daimi nümayəndələri çıxış etmişdirlər.

Azərbaycanın daimi nümayəndəsi səfir Vaqif Sadıqov öz çıxışında bildirib ki, Avropa və Asiyanın kəsişdiyi nöqtəsində yerləşən ölkəmizin keçmişinə nəzər salaraq, onun ərazisində yaşayan xalqlar arasında dinlər- və millətlərarası anlaşmanın zəngin ənənələrinin mövcudluğunu görmək olar. Daha sonra səfir bu il 100 illiyi qeyd olunacaq Azərbaycan Demokratik Respublikasının bu sahədə əldə etdiyi nailiyyətləri haqqında söz acaraq, bu gün də həmin istiqamətdə müasir Azərbaycan dövlətinin gördüyü mühüm fəaliyyətindən danışıb. Bu gün ölkəmizin yürütdüyü uğurlu daxili və xarici siyasəti Azərbaycanı dini tolerantlığın hökm sürdüyü və multikulturalizmin yer aldığı bir məkana çevirib. V.Sadıqov bildirib ki, Azərbaycanda bu sahədə keçirilən çoxsaylı beynəlxalq tədbirlər, o cümlədən artıq ənənəvi olmuş Beynəlxalq Humanitar və Ümumdünya Mədəniyyətlərarası Forumlar dünyada dialoqun inkişafına mühüm töhfə verir. Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq, ölkəmizdə bütün milli və dini azlıqlara dövlət qayğısı göstərilir və onların hərtərəfli inkişafına bütün şərait yaradılır.

Çıxışın sonunda səfir V.Sadıqov vurğulayıb ki, radikalizmin sürətlə yayıldığı müasir dövrdə Azərbaycanın dinlər- və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfə bir çox ölkələr üçün uğurlu nümunə kimi qəbul oluna bilər. Tarixi ənənələr və bu gün də aparılan işlər multikulturalizmin Azərbaycanın xarici siyasətinin strateji istiqamətlərindən birinə çevirməsini mümkün edib, onilliklərdən bəri Azərbaycana dini və siyasi eksremizm, radikalizm və təcrid edilmə kimi zərərli təzahürlərdən özünü uğurla müdafiə etməsinə imkan yaradıb.

Konfransın sonunda məruzəçilərə çoxsaylı suallar verilib, toxunulan məsələlər ətrafında müzakirə aparılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.