CƏMİYYƏT
Cenevrədə “Dövlət xidmətlərinin çatdırılması və insan hüquqları: Dayanıqlı İnkişaf Məqsədlərinə doğru inkişaf” adlı virtual tədbir keçirilib
Cenevrə, 23 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən Malayziyanın daimi nümayəndəliyi və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMTİHAK) ilə birgə təşkilatçılıqda hazırda işini davam etdirən BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 50-ci sessiyası çərçivəsində “Dövlət xidmətlərinin çatdırılması və insan hüquqları: Dayanıqlı İnkişaf Məqsədlərinə doğru inkişaf” adlı virtual tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, 23 iyun – BMT-nin Dövlət Xidməti Gününə həsr olunmuş tədbir Azərbaycanın təşəbbüsü ilə 2018-ci il mart ayının 22-də İHŞ-nin 37-ci sessiyası çərçivəsində irəli sürülmüş və yekdilliklə qəbul olunmuş “Dövlət xidmətlərinin səmərəli, şəffaf və məsuliyyətli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamənin davamı olaraq təşkil edilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMTİHAK-ın Tematik Əlaqələndirmə, Xüsusi Proseduralar və İnkişaf Hüququ Bölməsinin rəhbəri Peggi Hiks və Malayziyanın Baş nazirinin xüsusi məsləhətçisi Dato Sri Azalina Otman Said açılış nitqləri söyləyiblər.
Panel müzakirəsində Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov, BMTİHAK-ın İnsan Hüquqları və İqtisadi və Sosial Məsələlər üzrə Şöbəsinin rəhbəri Pradeep Vaqle, Malayziyanın Səhiyyə Nazirliyinin Baş katibi Harjeet Sinqh və “İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Qlobal Təşəbbüs” adlı qeyri-hökumət təşkilatının dövlət xidmətləri və Afrika üzrə nümayəndəsi Aşina Mtsumi panelçi qismində çıxış ediblər. Tədbir Cenevrədə fəaliyyət göstərən “Universal Hüquqlar Qrupu” adlı beyin mərkəzinin rəhbəri Mark Laymon moderatorluğu ilə keçib.
Natiqlər dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılmasının insan hüquqlarının təşviqi və müdafiəsinə və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfəsi, həssas qruplar üçün inklüzivliyin təmin edilməsi və heç kimin geridə qalmamasında dövlət xidmətinin rolu, COVID-19 pandemiyasının dövlət xidmətlərinin göstərilməsinin keyfiyyətinə təsirinin aradan qaldırılması və digər məsələlər ilə bağlı maraqlı təqdimatlar ediblər. Panel müzakirəsi, həmçinin müvafiq sahədə yaxşı təcrübələri bölüşmək və mövcud problemlərlə bağlı fikir mübadiləsi aparmaq üçün platforma rolunu oynayıb.
İnteraktiv şəkildə təşkil olunmuş tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə