SİYASƏT
Cenevrədə Universal Dövri İcmal üzrə Azərbaycan Respublikasının 3-cü dövri məruzəsi yekdilliklə qəbul edilib
Cenevrə, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də BMT İnsan Hüquqları Şurasının 39-cu sessiyası çərçivəsində Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının 3-cü dövri məruzəsi üzrə hesabatının qəbul edilməsi ilə bağlı iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov açılış nitqi ilə çıxış edib və UDİ üzrə baxışda ölkəmizə təqdim olunmuş 259 tövsiyədən əksəriyyətinə dəstək verildiyi, onların bir hissəsinin artıq həyata keçirildiyini və qalan tövsiyələrin isə həyata keçirilməkdə olduğunu bildirib.
Nazir müavini çıxışında ölkəmizin BMT-nin müqavilə qurumları və UDİ mexanizmi çərçivəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb. O, bu xüsusda sözügedən mexanizmlər çərçivəsində Azərbaycana münasibətdə qəbul edilmiş tövsiyələrin icrasına nəzarəti daha da gücləndirmək məqsədilə milli mexanizm kimi fəaliyyət göstərəcək işçi qrupun yaradılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı barədə məlumat verib.
Nazir müavini korrupsiyaya qarşı mübarizə, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs edib.
Azərbaycanın iqtisadi göstəricilərinin artmasının davamlı və ardıcıl inkişafın göstəricisi olduğunu diqqətə çatdıran X. Xələfov Azərbaycan Hökuməti tərəfindən iqtisadi-sosial, o cümlədən dayanaqlı inkişaf, səhiyyə, təhsil, qadın, uşaq, əlillərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər haqqında məlumatı diqqətə çatdırıb.
Eyni zamanda, o, qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərə toxunaraq, Cəbrayıl rayonunun Ermənistanın işğalından azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı həyata keçirilən işlər barədə Şuranı məlumatlandırıb.
Bu xüsusda X.Xələfov son 30 il ərzində ölkəmizin Ermənistan Respublikası tərəfindən işğalı nəticəsində qaçqın və məcburi köçkünlərin əsas hüquqlarının pozulduğunu qeyd edib və BMT-nin İnsan Hüquqları Şurasını, eləcə də onun xüsusi mexanizmlərini və BMT-nin İnsan Hüquqları üzrə ali komissarını BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası istiqamətində ciddi addımlar artmağa çağırıb.
X. Xələfov Ermənistanın BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinə məhəl qoymadığını bildirib. Təəssüflə qeyd edilib ki, Ermənistanın yeni rəhbərliyinin son bəyanatları danışıqlar prosesini niyyətli olaraq pozur və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının möhkəmləndirilməsinə xidmət edir və bununla regionu yeni təhlükələrlə üz-üzə qoyur. O bəyan edib ki, danışıqlar prosesinin pozulması və regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.
Nazir müavini Ermənistan rəhbərliyini dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanımış sərhədlərinin pozulmazlığı və ölkəmizin işğal olunmuş bütün ərazilərinin şərtsiz azad olunması əsasında münaqişənin həlli istiqamətində konstruktiv mövqe tutmağa çağırıb.
İclas zamanı bir çox ölkələrin nümayəndələri çıxış edərək, ölkəmizin UDİ üzrə növbəti prosesinin uğurla və müvəffəqiyyətlə həyata keçirilməsinə və nümayəndə heyətimizin konstruktiv iştirakına görə Azərbaycan tərəfini təbrik edib, Azərbaycan Respublikasının UDİ üzrə hesabatının İnsan Hüquqları Şurası tərəfindən yekdilliklə qəbul edilməsini tövsiyə ediblər.
Tədbirdə iştirak edən bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının təmsilçiləri çıxışlarında Azərbaycanda vətəndaş cəmiyyəti, məhkəmə, mətbuat və söz azadlığı, vəkillik, gender bərabərliyi və cinsi azlıqlar məsələlərinə münasibət bildiriblər.
İclasın sonunda UDİ üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının baxışı üzrə hesabatı İnsan Hüquqları Şurası tərəfindən yekdilliklə qəbul olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə