İQTİSADİYYAT


Cenevrədə Xəzər dənizi regionunun nəqliyyat potensialına həsr olunmuş tədbir keçirilib

Cenevrə, 27 fevral, AZƏRTAC 

Fevralın 25-28-də Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Daxili Nəqliyyat Komitəsinin 82-ci illik iclası keçirilir. İclas çərçivəsində qlobal və regional nəqliyyat məsələləri müzakirə edilir, müasir çağırışlara aid vacib qərarlar qəbul olunur.

AZƏRTAC xəbər verir ki, iclas çərçivəsində Azərbaycan Respublikasının təşəbbüsü ilə Daxili Nəqliyyat Komitəsinin 82-ci iclası çərçivəsində Azərbaycan və Türkmənistanın Cenevrədəki daimi nümayəndəlikləri tərəfindən UNECE ilə birgə olaraq, Xəzər dənizi regionunun nəqliyyat və əlaqəlilik potensialının nümayiş etdirilməsi məqsədilə “Xəzər dənizi regionunun nəqliyyat və əlaqəlilik potensialı: Azərbaycan və Türkmənistan - ən qısa yol” adlı tədbir keçirilib.

Tədbirdə məruzəçi qismində təşkilatçı ölkələrin Cenevrədəki daimi nümayəndələri ilə yanası, UNECE-nin İcraçı katibi Olqa Alqayerova, Avropa Komissiyasının Yerdəyişmə və Nəqliyyat üzrə Baş Direktorluğunun (DG MOVE) Beynəlxalq Münasibətlər Bölməsinin rəhbər müavini Stefano Paçi, Beynəlxalq Yol Nəqliyyatı Birliyinin (İRU) Baş katibi Umberto De Pretto, Dəmir yolu Nəqliyyatları arasında Əməkdaşlıq Təşkilatının sədri Tadeuş Şozda, Çin Xalq Respublikasının Cenevrədəki daimi nümayəndəsi Xu Çen və digər yüksək səviyyəli nümayəndələr çıxış ediblər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizin ərazisindən keçən bir sıra qlobal dəhlizlər, həmçinin infrastruktur, məhsullar və insanların sərbəst hərəkət etməsi üçün həyata keçirilən siyasət barədə məlumat verib, sualları cavablandırıb.

Tədbir çərçivəsində, həmçinin Çindən Xəzər dənizi regionu ərazisindən Avropaya gedən marşrut üzərində mövcud infrastrukturun nümayiş etdirilməsi məqsədilə müvafiq fotoşəkillər və xəritələrdən ibarət sərgi açılıb. Sərgidə təşkilatçılarla yanaşı, Çin, Türkiyə, Rusiya, Özbəkistan, Gürcüstan, Qırğızıstan və Tacikistanın təqdim etdikləri foto və sənədlər nümayiş olunub.

Qeyd edək ki, 1947-ci ildə yaradılmış UNECE beş regional komissiyadan biridir və ona 56 dövlət üzv olub. 1993-cü ildə təşkilata üzv olan Azərbaycan Respublikası UNECE-nin 15-dən çox hüquqi alətinə tərəfdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.