Cenevrədə görüşən Azərbaycan və Türkiyənin səhiyyə nazirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
AzerTAg.az
Bakı, 24 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Assambleyasının yubiley sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayev Cenevrədə türkiyəli həmkarı Fahrettin Koca ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə tərəflər iki qardaş ölkənin səhiyyə sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin “Səhiyyə Biznes Forumu”nun Bakıda təşkil olunması barədə danışıqlar aparılıb.
“Səhiyyə Biznes Forumu” indiyə qədər Birləşmiş Krallıq, Özbəkistan, Pakistan və digər ölkələrdə keçirilıb. Forumda təmsil olunan ölkələrin özəl tibb şirkətləri, həmçinin səhiyyədə maliyyə mexanizminin təkmilləşdirilməsi və investisiya imkanları müzakirə olunur.
Görüşdə nazirlər iki qardaş ölkə arasındakı əməkdaşlıq əlaqələrinin gələcəkdə səhiyyə sahəsində uğurlu nəticələr verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.
Qeyd edək ki, mayın 28-dək davam edəcək Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Teymur Musayevin təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşləri və digər işçi tədbirlərin keçirilməsi nəzərdə tutulub.


Xəbərin mətnində orfoqrafik səhv var