CƏMİYYƏT


Cenevrədə keçirilən “Şəhərlər günü” sərgisində “Təmiz şəhər” ASC təmsil olunub

Bakı, 10 aprel, AZƏRTAC

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 68-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində keçirilən “Şəhərlər günü” sərgisində təmsil olunub. Komissiyanın icraçı direktoru, BMT baş katibinin müavini Olqa Alqayerovanın sədrliyi ilə keçirilən tədbir “Ağıllı dayanıqlı şəhərlər: dayanıqlı inkişafın aparıcılarıdır” mövzusuna həsr edilib.

Səhmdar Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti, Bakı şəhərində Dayanıqlı İnkişafın üç əsas elementi olan iqtisadi və sosial inkişaf, eləcə də ətraf mühitin qorunması sahələrində Azərbaycanda uğurlu nümunələri nümayiş etdirmək məqsədilə sərgidə üç əsas layihə ilə təmsil olunub. Bunlar ekoloji və iqtisadi elementləri özündə birləşdirən “Ağ Şəhər” və “Təmiz Şəhər” layihələri, həmçinin sosial elementi ehtiva edən Mənzil İnşaatı Dövlət Agentliyinin layihəsidir.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin sərgidəki stendində ekoloji mühitin qorunması sahəsində qurum tərəfindən görülən işlər nümayiş etdirilib. Stendlə tanış olanlara məlumat verilib ki, müəssisə Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantılardan əldə edilmiş müxtəlif növ materialları çeşidləyərək təkrar emala yönləndirir. Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə zibil kütləsi yandırılmaqla elektrik enerjisi hasil edilir.

Sərgidə, həmçinin “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə yaradılmış Balaxanı Sənaye Parkı da təqdim edilib. Məlumat verilib ki, 2017-ci ildə istifadəyə verilmiş və investisiya məbləği 40,3 milyon manat təşkil edən Balaxanı Sənaye Parkında qeydiyyata alınmış 15 rezidentdən 7-i artıq fəaliyyət göstərir. Sahibkarların marağı nəzərə alınmaqla Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektara qədər genişləndirilib. Hazırda müəssisələrdə 400-ə yaxın işçi çalışır və yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 650-ə çatdırılması nəzərdə tutulur.

BMT baş katibinin müavini Olqa Alqayerova və iştirakçılar “Təmiz Şəhər” ASC-nin həyata keçirdiyi sosial layihələrlə də tanış olub. Belə layihələrdən biri Heydər Əliyev Fondu ilə birgə icra olunan “Tullantıdan sənətə” Beynəlxalq İncəsənət Sərgisidir. 7 ildir ki, keçirilən sərgidə 42 ölkənin rəssam və heykəltəraşlarının tullantı materiallarından hazırladığı incəsənət əsərlərinin nümayiş etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.