SİYASƏT
Cenevrədə keçirilən qəbulda Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, gördüyü işlərdən bəhs edilib VİDEO
Cenevrə, 30 may, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində Azərbaycan Demokratik Respublikasının 99-cu il dönümünə həsr edilmiş rəsmi qəbul keçirilib. Bayram tədbirində müstəqil Azərbaycanın keçdiyi tarixi yol, müasir nailiyyətləri barədə ətraflı məlumat verilib.
Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Cenevrədə yerləşən BMT qurumlarının nümayəndələri, şəhərdə akkreditə olunmuş diplomatik korpusun üzvləri, İsveçrə rəsmiləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Rəsmi qəbul Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb.
Sonra ölkəmizin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi, səfir Vaqif Sadıqov çıxış edərək Azərbaycanın dövlətçilik tarixi haqqında ətraflı məlumat verib. Səfir müsəlman Şərqində ilk demokratik respublika olmuş Azərbaycan Demokratik Respublikasının yaranmasının bütün region üçün əlamətdar tarixi hadisə olduğunu vurğulayıb. Vaqif Sadıqov bildirib ki, cəmi 2 il mövcud olmasına baxmayaraq, o dövrdə qəbul edilmiş qərarlar, dövlət quruculuğu yolunda atılmış addımlar ölkəmizin tarixində xüsusi yer tutur. 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa etmiş Azərbaycan ağır siyasi və iqtisadi böhranlarla üz-üzə qalsa da, bu çətinliklərin öhdəsindən gələ bilib. Qısa müddət ərzində davamlı inkişaf yoluna qədəm qoyan Azərbaycan hazırda regionun iqtisadi baxımdan ən güclü dövləti, beynəlxalq aləmdə etibarlı tərəfdaşdır. Vaqif Sadıqov bu nailiyyətlərin qazanılmasında ümummilli lider Heydər Əliyevin və onun uzaqgörən daxili və xarici siyasətinin həlledici rol oynadığını xüsusilə vurğulayıb. O, Heydər Əliyev dövlətçilik kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfir bildirib ki, bu il ölkəmizin Birləşmiş Millətlər Təşkilatına üzv olmasından 25 il ötür. Azərbaycan BMT və onun qurumları ilə əlaqələrə xüsusi önəm verir və bu əməkdaşlığın daha da genişlənməsində maraqlıdır.
Rəsmi qəbul zamanı Azərbaycanın turizm potensialından, memarlıq incilərindən, müasir inkişafından bəhs edən videoçarx nümayiş etdirilib. Tədbir bayram ziyafəti ilə yekunlaşıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə